13122018

"GERMANAIJAN"
Azərbaycanda alman irsinin izləri və memarlığı

Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı həyat axtarışında Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?
Germanaijan sərgisi alman icmasının bugünkü Azərbaycana təsirini qeyd etmək üçün düşünülüb. Bu xüsusda Siemens Tarixi İnstitutu və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, habelə ayrı-ayrı şəxslərin göstərdikləri dəstək və verdikləri töhfə ən maraqlı və həyəcanverici hekayələri işıqlandırmaqda əvəzsiz kömək oldu. Azərbaycanlı şair Leyli Salayeva və alman rəssam - illüstrator Kseniya Finkin birgə layihəsi olan sərgi Azərbaycanda ilk alman kolonistlərinin tarixini yenidən araşdırır və hekayə Helena adlı ümumiləşdirilmiş xarakter tərəfindən nəql edilir. Sərgidə həmçinin multimedia rəssamı Çinarə Məcidova Azərbaycanın şimal rayonlarında və Bakının memarlıq landşaftında alman izlərini sənədləşdirdiyi işini təqdim edir. Onunla yanaşı alman köçkünlərinin və onlardan sonra gələn nəsillərin həyat hekayələrini araşdıran britaniyalı jurnalist Tomas Marsdenin hazırladığı və hazırda davam edən, sərhədləri aşan layihəsi ilə də tanış olmaq mümkün olacaqdır. Sərgidə həmçinin Əli-Səttar Quliyevin “Əlvida, Emil Şmidt!” bədii filmi haqqında danışılacaqdır. Film Şəmkirdə doğulan, kimlik və vətən axtarışında olan Emil Şmidtin həyatından bəhs edir.
Memarlıq mövzusu Germanaijan'ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin kəmiyyət və keyfiyyət cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.
Bundan başqa Çinarə Məcidovanın və Samir Salahovun bədii müdaxilələri cəlbedici və düşündürücü obyektlər kimi sərginin tərkibinə salınmışdır.

Kitabxana guşəsi qonaqları sərgi məqsədi ilə toplanmış materiallarla tanış olmağa dəvət edir.

Germanaijan'- iki ölkə - Almaniya və Azərbaycan adını birləşdirmək üçün düşünülmüş sözdür.

Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın dəstəyi ilə təşkil edilir.